Barattson şirkəti və Auditorlar Palatası Milli mühasibləri sertifikatla təltif ediblər

Barattson şirkəti və Azərbaycan Respublikasının Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Milli Sertifikatların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Barattson şirkətinin rəhbəri Elşən Rəhimov, Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Milli Sertifikat imtahanını uğurla keçən, eyni zamanda Barattson şirkətinin maliyyə və mühasibatlıq sahəsində təşkil etdiyi təlim kurslarını müvəffəqiyyətlə bitirən namizədlər və media nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd Milli Sertifikat imtahanını uğurla bitirən namizədləri təltif etmək, bu sahəyə olan diqqət və marağı artırmaqdan ibarət olub.

Tədbiri giriş sözü ilə açan Barattson şirkətinin rəhbəri Elşən Rəhimov mühasibatlıq sahəsinə marağın artması və bu sahənin yüksək dinamika ilə inkişafı barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, Barattson şirkətində təşkil olunan hazırlıq kurslarında ACCA tədris standatlarının uğurla tətbiqi və yüksək ixtisaslı maliyyəçilərin hazırlanması barədə danışıb. Milli Sertifikat imtahanının əhəmiyyəti barədə çıxış edən cənab Elşən Rəhimov imtahanı uğurla keçən namizədləri təbrik edib.

Daha sonra Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Cənab Vahid Novruzov qeyd edib ki, milli mühasiblərin yetişməsi istiqamətində bir sıra mühüm addımlar atılır. Barattson və Auditorlar Palatasının təhsil sahəsindəki birgə fəaliyyətindən məmnunluğunu dilə gətirərək, bundan sonra da birgə əməkdaşlıqların davam edəcəyini bildirib. Bu sahəyə olan Dövlət dəstəyindən söz açan cənab sədr imtahanda yüksək nəticə göstərən namizədləri təbrik edib və onlara uğurlar arzulayıb.

Tədbirin gedişatında Milli Sertifikat imtahanını uğurla keçən namizədlər səhnəyə dəvət olunub və sertifikatla təltif olunublar. Qeyd edilib ki ki, bu il təşkil olunan Milli Serifikat imtahanında 24 namizəd iştirak etmiş, 15 namizəd imtahanı uğurla keçmişdir.

Tədbirin sonunda Barattson şirkəti tərəfindən maliyyə və mühasibatlıq sahəsində təşkil olunan təlim kurslarını uğurla bitirən namizədlər də sertifikatla təltif olunublar. Bildirilib ki, Avqust-Sentyabr ayları ərzində təşkil olunan kurslarını 61 nəfər yüksək nəticə ilə bitiriblər.

Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

Məlumat üçün qeyd edək ki, dünya miqyasında tanınan ACCA kvalifikasiyasının Azərbaycanda ən çox yayılmış F3 Mühasibat Uçotu fənnini beynəlxalq standartlara uyğun Azərbaycan dilində yalnız Barattson şirkəti tədris edir. Fənnin tədrisi ilə yanaşı, Milli Mühasibatlıq imtahanı Azərbaycanda yalnız Barattson şirkəti və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə həyata keçirilir. F3 Mühasibat Uçotu imtahanı yerli mütəxəssislərin bu sahədə bilik səviyyəsini təsdiqləyən imtahandır və Milli Sertifikat adı ilə tanınır. Bu imtahanı uğurla keçən namizədlər Barattson şirkəti və Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiqlənən Milli Sertifikatla təltif olunurlar.