Barattsonda Milli Sertifikat təqdimetmə tədbiri baş tutub | Barattson - Employability through education!

Barattsonda Milli Sertifikat təqdimetmə tədbiri baş tutub

13.10.2019-ci il tarixdə Barattson və Auditorlar Palatasının birgə əməkdaşlığı çərçivəsində “Milli Sertifikatların təqdimetmə tədbiri” baş tutub. Bu tədbirdə “Beynəlxalq mühasibat uçotunun əsasları” və “Vergi Uçotu” üzrə Milli Sertifikatlar öz namizədlərinə təqdim edilib. Tədbirdə Barattson şirkətinin idarə heyətinin sədri Elşən Rəhimov və Auditorlar Palatasının sədri Vahid Novruzov çıxış edərək sonda birgə Milli Sertifikatları öz sahiblərinə təqdim ediblər.

İlk öncə çıxış edən Elşən Rəhimov Barattson şirkətinin missiyası, dəyərləri ilə bağlı ətraflı məlumat verərək bildirib ki, hazırda Barattsonun qarşısında duran əsas məqsəd savadlı, ixtisaslı gənc mühasiblər, maliyyəçilər yetişdirməklə onlara yeni-yeni iş imkanlarının yaradılmasıdır. Təqdim edilən Milli Sertifikatların, gələcək kariyerasını qurmaq istəyənlər üçün mükəmməl başlanğıc olduğunu və bu kariyera inkişaf yolunda xüsusi çəkisi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bundan əlavə Elşən Rəhimov öz çıxışında Milli Sertifikatların statusunda nəzərdə tutulan dəyişiklərlə bağlı məlumat verib. Məlumata əsasən, Milli Sertifikatların gələcək statusu beynəlxalq çərçivələrə daşınacaq və ACCA sertifikatları ilə eynistatuslu əhəmiyyətə malik olacaq. Hazırda danışıqlar mərhələsində olan bu planın yaxın zamanda reallaşacağı gözlənilir.

Daha sonra çıxış edən sədr Vahid Novruzov Auditorlar Palatasının IFAC-International Federation of Accountants-ın(Beynəlxalq Mühasiblər Federasiyası) ölkəmizdəki yeganə üzvü olduğunu bildirib. Ardınca ölkəmizdə maliyyə, mühasibatlıq sahəsində əldə olunmuş yeniliklər, hazırda bu sahələrə gənclərin daha çox maraq göstərdiyini və sertifikat alanların içərisində gənclərin üstlünlük təşkil etdiyini dilə gətirib. Qeyd edib ki, hazırda ölkə prezidentinin tapşırığına əsasən maliyyə, mühasibatlıq sahəsi beynəlxalq standartlara uyğunlaşdıraraq, dünya standartlarının tətbiqinə başlanılıb və müstəqillik əldə etdiyimizdən bəri əsaslı müsbət dəyişikliklərə imza atılıb.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra Elşən Rəhimov və Vahid Novruzovun iştirakı ilə  sertifikatlar öz sahiblərinə təqdim edilib. Qeyd edək ki, bu səfərki tədbirdə 2 kateqoriyada olmaqla ümumilikdə 35 ədəd Milli Sertifikatlar öz namizədlərinə təqdim edilib. Bunlardan 28-i “Beynəlxalq mühasibat uçotunun əsasları” üzrə, 7-i isə “Vergi Uçotu” üzrə kateqoriyanı əhatə edir.

Tədbirin sonunda xatirə fotosu çəkdirərək, çay-kofe masasında səmimi söhbətlə yekunlaşıb.

Social messengers